Hüquqi sənəd
Sayt sahibləri üçün emal qeydi
1. Bu qeyd nədir
Gravio-da qurduğunuz saytın formaları ziyarətçilərdən məlumat toplayır: ad, telefon, email, mesaj və əlavə etdiyiniz digər sahələr. "Fərdi məlumatlar haqqında" Qanuna görə:
- siz bu məlumatların mülkiyyətçisisiniz: nə üçün topladığınızı və necə istifadə etdiyinizi siz müəyyən edirsiniz;
- Gravio isə sizin tapşırığınızla bu məlumatları saxlayan və sizə çatdıran operatordur.
Gravio xidmətini göstərən:
- Fərdi sahibkar Orucov Samir Ramazan oğlu, fərdi sahibkar
- VÖEN: 3802005692
Qanun mülkiyyətçiyə işləməni müqavilə ilə operatora həvalə etməyə icazə verir. Operatorun vəzifələri həmin müqavilə ilə müəyyən olunur. Bu qeyd o müqavilədir. O, İstifadə şərtlərinin ayrılmaz hissəsidir. Şərtləri qəbul etməklə bu qeydi də qəbul edirsiniz.
2. Hansı məlumatları və necə işləyirik
| Nə | Necə |
|---|---|
| Formanın sahələri: ad, telefon, email, mesaj, tarix, seçimlər və əlavə etdiyiniz digər sahələr | Saxlayırıq, panelinizdə göstəririk, Excel faylı kimi ixrac etməyə imkan veririk. |
| Kontekst: formanın adı, səhifə, dil, göndərilmə vaxtı | Saxlayırıq və göstəririk. |
| IP hash-i | Göndərənin IP ünvanından və brauzer məlumatından gündəlik dəyişən açarla bir tərəfli hash. Yalnız spama qarşı istifadə olunur. IP ünvanı saxlanmır, açar 2 gündən sonra silinir. |
| Bildirişlər | Siz seçdiyiniz kanallara göndəririk: email (məzmunu ilə birlikdə) və Telegram (botu qoşmusunuzsa). |
| Statistika | Ziyarətçi barədə şəxsi məlumat saxlanmır. Cookie yoxdur. Gündəlik dəyişən hash, səhifə, mənbə növü və cihaz növü saxlanır. Ətraflı: Məxfilik siyasəti, bölmə 6. |
Ziyarətçilərinizin məlumatlarını öz məqsədlərimiz üçün istifadə etmirik: reklam, satış, profil yaratmaq və ya AI-ı öyrətmək üçün istifadə etmirik.
3. Gravio-nun öhdəlikləri
1. Yalnız tapşırıqla işləmək. Məlumatları yalnız xidməti göstərmək üçün və sizin ayarlarınıza uyğun işləyirik. Qanun tələb edərsə, qanunun icazə verdiyi həddə sizə xəbər veririk.
2. Məxfilik. Məlumatlara yalnız xidmət üçün ehtiyacı olan şəxslər çıxış edir. Onlar yayılmama barədə yazılı öhdəlik verir.
3. Təhlükəsizlik. HTTPS ilə şifrələmə, müştərilərin datasının verilənlər bazasında ayrılması, giriş nəzarəti və admin əməliyyatlarının jurnalı, gündəlik ehtiyat nüsxələr, spama qarşı qoruma və sorğu limitləri. Müştəri saytları paneldən ayrı domendə işləyir.
4. Sub-prosessorlar. Bölmə 5-dəki təchizatçılardan istifadə edirik. Yenisini əlavə etməzdən ən azı 30 gün əvvəl siyahını yeniləyir və sizə xəbər veririk. Razı deyilsinizsə, abunəni ləğv edə bilərsiniz.
5. Ziyarətçilərin sorğularında kömək. Ziyarətçi məlumatlarının düzəldilməsini, silinməsini və ya işləmənin dayandırılmasını tələb edəndə bunu paneldə özünüz edə bilərsiniz: müraciəti silmək və ya ixrac etmək. Lazım olsa, sorğunuzu aldıqdan sonra 3 iş günü ərzində kömək edirik. Bu, qanunun 7 iş günü müddətinə əməl etməyiniz üçündür.
6. Ziyarətçi sorğusu bizə gələrsə, onu sizə yönləndiririk. Sizin göstərişiniz olmadan cavab vermirik, istisna: qanunun tələbi.
7. Sızma. Ziyarətçilərinizin məlumatları ilə bağlı təhlükəsizlik insidentini aşkar etsək, sizə 72 saat ərzində xəbər veririk. Məlumatda nə baş verdiyi, hansı məlumatlara toxunduğu və görülən tədbirlər yazılır.
8. Dövlət orqanları. Məhkəmənin və ya səlahiyyətli orqanın qanuni tələbi ilə məlumat verə bilərik. Qanun qadağan etmirsə, sizə xəbər veririk.
9. Xitamdan sonra. Saytı silsəniz, müraciətlər dərhal silinir. Silməzdən əvvəl müraciətləri Excel kimi yükləyə bilərsiniz.
Silinmiş müraciətlər ehtiyat nüsxələrdən 30 gün ərzində yox olur.
4. Sizin öhdəlikləriniz
Mülkiyyətçi kimi siz cavabdehsiniz ki:
1. Ziyarətçiləri məlumatlandırasınız. Qanun toplayarkən bunları bildirməyi tələb edir: kim olduğunuz, məqsəd və onun əsası, məlumatı kimlərin alacağı və ziyarətçinin hüquqları. Gravio hər formanın altında qısa qeyd və məxfilik qeydinə link göstərir (bölmə 8). Qeydin düzgün olduğunu yoxlayın. Nümunə mətnlər: bölmə 9.
2. Lazım olan yerdə razılıq alasınız. Ziyarətçinin formaya özünün yazdığı məlumat əsas ola bilər. Amma marketinq, məlumatı başqasına vermək və xaricə ötürmək üçün ayrıca razılıq lazımdır. Bildirişləri xaricdə yerləşən email provayderi və ya Telegram vasitəsilə alırsınızsa, məlumat xaricə ötürülür. Bunun üçün formaya razılıq qutusu əlavə edin (bölmə 8).
3. Yalnız lazım olanı toplayasınız. Lazımsız sahə əlavə etməyin.
4. Xüsusi kateqoriyalı məlumat toplamayasınız. Səhhət, din, irq və ya milli mənsubiyyət, ailə həyatı və məhkumluq barədə məlumatı yalnız qanunun icazə verdiyi halda və yazılı razılıqla toplamaq olar. Klinikalar: qəbula yazılma formasında xəstəliyin və ya şikayətin təsvirini soruşmayın, yalnız ad, telefon və vaxt soruşun.
5. Saytda özünüzü göstərəsiniz. Qanun sayt sahibinin adının (fiziki şəxs üçün adı, soyadı, atasının adı) və email ünvanının saytda aydın görünən yerdə olmasını tələb edir. Bunları saytın "Parametrlər" bölməsində yazın. Saytda satış edirsinizsə, elektron ticarət qaydalarına görə VÖEN-i və digər məlumatları da göstərin.
6. Qeydiyyat. Saytınız çoxlu şəxsin məlumatını toplayırsa, sistemi fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrində qeydiyyata salmağınız tələb oluna bilər. Hüquqşünasla məsləhətləşin.
7. Ziyarətçilərin sorğularına cavab verəsiniz. Qanuna görə cavab 7 iş günü ərzində verilir.
8. Müraciətlərə çıxışı nəzarətdə saxlayasınız. Komanda üzvlərinə yalnız lazım olan rolu verin. İxrac etdiyiniz Excel fayllarını və email-ə gələn müraciətləri qoruyun. Lazım olmayan müraciətləri silin, çünki qanun məqsədə çatandan sonra məlumatın məhv edilməsini tələb edir.
9. Vidjetlər. Saytınıza YouTube, Google Maps, Instagram, Facebook, TikTok, Spotify, SoundCloud, Vimeo və ya Google Forms vidjeti əlavə etsəniz, həmin xidmətlər ziyarətçilərin brauzerindən məlumat və cookie ala bilər. Bunu məxfilik qeydinizdə göstərin.
10. Öz analitikanızı qoşsanız (məsələn GA4), buna görə siz cavabdehsiniz.
5. Sub-prosessorlar (ziyarətçi məlumatları üçün)
| Təchizatçı | Nə üçün | Hansı məlumat | Ölkə |
|---|---|---|---|
| Contabo GmbH | Server və baza | Bütün müraciətlər | Almaniya |
| Telegram (yalnız siz qoşsanız) | Müraciətin Telegram-a göndərilməsi | Müraciətin məzmunu | BƏƏ və digər ölkələr |
| Unsplash Inc. | Nümunə şəkillər | Ziyarətçinin IP ünvanı, brauzer | ABŞ |
Saytınızın şriftləri öz serverimizdən yüklənir, ona görə şriftlər üçün ziyarətçinin IP ünvanı Google-a getmir.
Şablonların nümunə şəkilləri Unsplash-ın serverindən (images.unsplash.com, ABŞ) yüklənir. Nümunə şəkli saytınızda qalırsa, ziyarətçinin brauzeri həmin şəkli açanda onun IP ünvanı Unsplash-a gedir. Bunun qarşısını almaq üçün nümunə şəkilləri öz şəkillərinizlə əvəz edin.
Ziyarətçi məlumatları Google Gemini-yə (AI) göndərilmir. İstisna: müraciətin mətnini AI sahəsinə özünüz yapışdırsanız. Bunu etməyin.
6. Saxlama
| Nə | Nə qədər |
|---|---|
| Real müraciətlər | Siz silənə və ya sayt silinənə qədər. Abunə ləğv edildikdə də saxlanılır. Sayt arxivdə və ya bağlı 12 ay qalanda, 30 gün əvvəl xəbərdarlıqla müraciətləri ilə birlikdə silinir. |
| Spam kimi işarələnən müraciətlər | 30 gün |
| IP hash-ləri üçün açar | 2 gün |
| Ehtiyat nüsxələr | 30 gün |
Müraciətləri lazım olduğu qədər saxlayın. Məsələn, cavab verdikdən 12 ay sonra silin.
7. Bu qeydin dəyişməsi
Bu qeyd İstifadə şərtləri ilə birlikdə dəyişir. Əhəmiyyətli dəyişikliklər barədə 30 gün əvvəl xəbər veririk. Köhnə versiyalar: /senedler.
8. Formalar və sayt üçün hazır alətlər
Gravio sizə mülkiyyətçi öhdəliklərinizi yerinə yetirmək üçün bu alətləri verir:
- Formanın altında qeyd. Hər formanın altında qısa məxfilik qeydi göstərilir: məlumatı kim alır və nə üçün. Qeyddə məxfilik qeydinizə link var.
- Razılıq qutusu. İstəsəniz, formaya məcburi razılıq qutusu əlavə edə bilərsiniz. Qutu işarələnməsə, forma göndərilmir. Qutunun özü müraciətdə saxlanmır: müraciət yalnız qutu işarələnəndə göndərilir.
- Hazır məxfilik qeydi. Gravio saytınız üçün qısa məxfilik qeydi yaradır. O, saytınızın /_privacy ünvanında açılır və saytın dillərindədir. Mətn "Parametrlər"də yazdığınız ad və email ilə doldurulur.
- Öz məxfilik səhifəniz. Öz məxfilik səhifəniz varsa, onun linkini "Parametrlər"də yazın. Onda formalar həmin səhifəyə link verir.
- Saytın altında sahib. Saytın ən altında sahibin adı və email-i göstərilir. Onları "Parametrlər"də yazın. Ad yazılmayıbsa, bu sətir görünmür və dərc zamanı xəbərdarlıq çıxır.
- Dəyişikliklər yenidən dərcdən sonra görünür. "Parametrlər"də yazdığınız ad, email və məxfilik linki dərc olunmuş saytda yalnız saytı yenidən dərc edəndən sonra görünür.
9. Nümunə mətnlər (sayt sahibi üçün)
Bunlar köməkçi nümunələrdir və hüquqi məsləhət deyil. Öz biznesinizə uyğunlaşdırın.
Formanın altında:
Formanı göndərməklə adınızı, telefonunuzu və mesajınızı [Biznesin adı]-na sorğunuza cavab vermək üçün təqdim edirsiniz. Məlumatlar sayt platforması Gravio-nun serverlərində saxlanılır və bildiriş üçün [email / Telegram] vasitəsilə ötürülür. Ətraflı: [Məxfilik qeydi].
Saytda qısa məxfilik qeydi:
- Mülkiyyətçi: [Ad Soyad Ata adı / Şirkətin adı], VÖEN [...], [ünvan], [email].
- Nə toplayırıq: formalarda yazdığınız ad, telefon, email və mesaj.
- Nə üçün: sorğunuza cavab vermək və [qəbula yazmaq / sifariş].
- Kim işləyir: sayt Gravio platformasında yerləşir və Gravio müraciətləri bizim adımızdan saxlayır. Bildirişlər [email provayderi / Telegram] vasitəsilə gəlir, bu da məlumatın xaricə ötürülməsi deməkdir.
- Nə qədər saxlayırıq: [məs. 12 ay].
- Cookie: saytda statistika cookie-siz işləyir. [Vidjetlər varsa: "Səhifədəki YouTube və ya Google Maps öz cookie-lərini qoya bilər."]
- Hüquqlarınız: məlumatlarınızla tanış olmaq, düzəltmək, silmək və işləməyə etiraz etmək. Sorğu üçün [email]-ə yazın. 7 iş günü ərzində cavab veririk.